BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O bildirib ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir.
"Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir" — Z.Əsgərov diqqətə çatdırıb.
Onun sözlərinə görə, 1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan ordusunun hüquqi əsaslarını müəyyən edirdi: "Yeni qanun layihəsində isə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir".
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.