BAKI, 29 dekabr — Sputnik. Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətlə yetirildiyi sərginin təşkilatçılarından olan Mustafa Timur Özkan həbs olunub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə onu "adam öldürülməsində iştirak etmək" ittihamı ilə şübhəli şəxs qismində həbsxanaya göndərib.
Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həbs edilən Özkan prokuror tərəfindən dindiriləndən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun şübhəli şəxs qismində saxlanılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada — Müasir Sənət Mərkəzində "Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə" adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır.