İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 dekabr — Sputnik. "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumların əməkdaşları tərəfindən 2017-ci ilin 11 ayı ərzində Respublika ərazisində çöl quşlarının və heyvanlarının qanunsuz ovlanması, təbiətdən vəhşi quş və heyvanların qanunsuz saxlanılması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq reydlər keçirilir.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, reydlər zamanı mövcud ov qaydalarını pozmuş 165 vətəndaş saxlanılıb, onlardan 145 ov tüfəngi, 601 patron, qanunsuz ovlanmış 69 baş quş və heyvan götürülüb.
Mirzəyevin bildirdiyinə görə, inzibati xəta törətmiş şəxslər haqqında protokol tərtib edilərək 131 nəfərə 133 min 793 manat məbləğində cərimə və iddia tətbiq edilmiş və 34 fakt üzrə qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyatı rayon polis orqanlarına müraciət edilib: "Təqsirləndirilən şəxslər müəyyənləşdirildikdən sonra onlar barəsində qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək. Eyni zamanda nazirliyin əməkdaşları tərəfindən cari il ərzində keçirilən reydlər zamanı Bakı şəhəri, Ağstafa, Füzuli, Göygöl, Şamaxı, Xaçmaz və Quba inzibati rayonlarında fəaliyyət göstərən ayrı-ayrı iaşə obyektlərində vəhşi təbiətdən götürülən ümumilikdə 17 quş – şahin, qırğı, qırqovul və ayı, ceyran, Dağıstan turunun qeyri sərbəst şəkildə qəfəslərdə saxlanılması faktı aşkar edilib".
Sektor müdiri qeyd edib ki, faktlar üzrə həmin şəxslər barəsində protokollar tərtib edilib, hər biri 500 manat məbləğində cərimə edilib, vəhşi heyvan və quşlar götürlərək Altıağac qoruğunun tərkibindəki Vəhşi Təbiətin Bərpası və Reablitasiyası Mərkəzinə təhvil verilib. Quş və heyvanlar baytar nəzarətindən keçdikdən sonra vəhşi təbiətə buraxılıb.
Mirzəyev bildirib ki, qanunsuz ov İnzibati Xətalar Məcəlləsinin 273.2 maddəsi ilə tənzimlənir. Qanunsuz ov edən şəxslər 1000-2000 məbləğində cərimə edilir: "Nazirlər Kabinetinin müvafiq qərarı ilə quş və heyvan ovlamış şəxslər parelel olaraq dəymiş zərəri ödəyir. Dəymiş ziyan cinayət tərkibi yaradırsa, yəni 1000 manatdan yuxarıdırsa, həmin işə hüquqi qiymət verilməsi və müəyyən tədbirlərin görülməsi üçün prokurorluq orqanlarına göndərilir. Cari ildə Quba rayonu ərazisində ayı vurulması faktı ilə bağlı sənədlər baş prokurluğa göndərilib və 3 nəfərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. Eyni zamanda Şəki rayonunda cüyür vurulması faktı qeydə alınıb. Cüyürlər qırmızı kitaba düşdüyü üçün və dəymiş zərər cinayət tərkibi daşıdğı üçün şəxslər haqqında müvafiq tədbirlər görülüb".
Qurum rəhbəri onu da vurğulayıb ki, qanunsuz ov ölkənin bütün regionlarında var. Xaçmaz, Şabran, Siyəzən, Qazax, Şəki, Neftçala və s. bölgələrdə qanunsuz ov hallarına rast gəlinir və vaxtında qarşısı müvafiq tədbirlərlə alınır.