İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 29 dekabr — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeron rayonunda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyinə görə söküntüsü üçün məhkəməyə müraciət olunub. Hazırda məhkəmə prosesi davam edir. Nəticə məhkəmənin sonunda bəlli olacaq.
Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC-yə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri də var: "Bu da qurumun işini kifayət qədər çətinləşdirir. Məsələn Sumqayıtda elə ərazi var ki, "Azərsu" ASC-nin kanalizasiya qapağı obyektin içərisində qalıb. Əsasən, Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb".
"Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib" — Cəbrayıllı əlavə edib.
Şöbə müdiri deyib ki, hələ yaşayış evlərinin sökülməsi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb: "Yəni hələ ki, qeyd olunan ərazilərdəki obyektlərin sökülməsindən söhbət gedir. Hazırda işimizə çox mane olan obyektlərin sökülməsi üçün obyektlərin olduqları ərazilər üzrə məhkəmə iddiaları qaldırmışıq. Hələ ki, fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik".
Onun dediyinə görə, hazırda "Azərsu" ASC, əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb: "Sökülməsi üçün məhkəməyə müraciət etdiyimiz obyektlər strateji su mərkəzlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Bunu da obyekt sahibləri binanı inşa edən zaman düşünməli idilər".
"Buna görə narazı olsalar da, məhkəmə iddiası qaldırılıb. Həmin obyektlərin söküləcəyi təqdirdə, sənədləri olsa belə, "Azərsu" ASC sahibkarlara obyektlərinin sökülməsinə görə heç bir kompensasiya ödəməyəcək" — ASC rəsmisi xüsusi vurğulayıb.
A.Cəbrayıllı əlavə edib ki, indi məhkəmə iddiası qaldırılıb, məhkəmə obyektlərin sökülməsinə qərar versə, o zaman obyektlər söküləcək: "Kompensasiya məsələsinə gəldikdə isə, bu məsələdə məsuliyyəti strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində tikintiyə icazə verən idarələr daşıyacaq. Bu barədə də məhkəmə nə qərar versə, o da icra ediləcək".