BAKI, 29 dekabr — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların arzu etdikləri Yeni il hədiyyələri vaxtından əvvəl toplanaraq sahiblərinə çatdırılıb.
Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqların arzularını yerinə yetirən sadə insanlar Şaxta babaya çevrilərək əsl Yeni il möcüzəsi yaradıblar.
Xeyirxah insanlar 2 yaşdan 18 yaşadək olan 49 uşağın yeni il arzularını operativcəsinə yerinə yetirməyi öz üzərlərinə götürüblər. Uşaqlar öz yeni il arzularını Sputnik Azərbaycan-ın xüsusi açıqcalarına yazıblar. Həmin açıqcalar isə Sputnik Azərbaycan-ın "Əli və Nino" kitab dükanında (Park Bulvar TM, birinci mərtəbə) və "Bon Appetit" şirniyyat mağazasında (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) qurduğu Yeni il yolkasını bəzəyib.
"Biz çox şadıq ki, aksiya vaxtından əvvəl başa çatıb. #YolkaXeyirxahlıqAğacı xeyriyyə layihəsini dəstəkləyən bütün insanlara və təşkilatlara səmimi minnətdarlığımızı bildiririk. Biz birlikdə uşaqlara böyük sevinc bəxş etmişik, Şaxta babaya və xeyirxah insanlara inamı artırmışıq" — deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.
Dekabrln 28-də Sputnik Azərbaycan-ın əməkdaşları və layihənin iştirakçısı olan bir neçə Şaxta baba hədiyyələrini Onkologiya Mərkəzinin kiçik pasientlərinə təqdim ediblər. Bu təqdimat hazırladığımız videoda əksini tapıb.
Aksiyada iştirak edən bütün Şaxta babalara dərin təşəkkürümüzü bildiririk. Siz başqalarının dərdinə şərik olmaqla, xüsusi qayğı və dəstəyə ehtiyacı olan uşaqlara hədiyyələr almaqla onlara əsl bayram ovqatını yaşatmısınız. Siz nağılları gerçəkliyə çevirən həqiqi sehrbazlarsınız!
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasında iştirak edən özəl Şaxta babaların — möcüzə yaradan adi və məşhur insanların, şirkət rəhbərləri və sıravi əməkdaşlarının adlarını təqdim edirik:
Aişə Qarayeva
Ziyad Səmədzadə
Faiq Məmmədov
Rantur T.A turizm şirkəti
Nurlana
Məryəm Şabanova
Cəmilə Tağıyeva
Baku Crystal Hall
Nafisa Qarayeva
Seva
Anar Cəbrayıllı
İrina
Autocapital-Azerbaijan şirkəti
Autostar Kaukasus şirkəti
"Abşeron" Avtomobil Mərkəzi
Qeyd edək ki, bir sıra xeyirxah insanlar və şirkətlər eyni vaxtda bir neçə uşağın arzusunu yerinə yetiriblər.
Sputnik Azərbaycan bu aksiyaya dəstək verdiklərinə görə, həmçinin AR Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovaya, Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevə, baş həkimi Azad Kərimliyə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elturan İsmayılova, "Əli və Nino" kitab dükanları şəbəkəsinə, Park Bulvar ticarət mərkəzinə və "Bon Appetit" şirniyyat şəbəkəsinə dərin təşəkkürünü bildirir.
Əziz dostlar və həmkarlar! Sputnik Azərbaycan redaksiyası hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edir. #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası bir daha sübut etdi ki, möcüzə baş verir. Ona görə də möcüzəyə inanın, mümkün olmayan şeyləri belə arzulayın! Biz əminik ki, mümkünsüz olduğunu düşündüyümüz şeylər mümkünə çevrilə bilər!
Yeni iliniz mübarək!