BAKI, 29 dekabr — Sputnik. 2017-ci ildə "Apple" şirkətinin rəhbəri Tim Kukun gəliri ötən ilə nisbətən 50 faiz artıb. Ancaq Kukun illik gəliri şirkətdə çalışan bəzi işçilərin illik gəlirindən az olub.
Sputnik Azərbaycan “NTV”yə istinadla xəbər verir ki, 2016-cı ildə şirkətdən 8 milyon 747 min dollar qazanan Kukun 2017-ci ildəki gəliri 12 milyon 825 min dollara yüksəlib.
Ancaq "Apple" şirkətinin digər yüksək vəzifəli şəxsləri qazancları ilə Kuku geridə qoyub.
Şirkətin pərakəndə satış üzrə sədr müavini Angela Ahrendts bu il 24 milyon 216 min dollar qazanıb. İkinci sırada isə şirkətin təchizat texnologiyaları üzrə sədri Johny Srouji gəlir. Şirkətə bu il qatılan Srouji 24 milyon 162 min dollar qazanıb.
Xatırladaq ki, “Apple”nin yaradıcısı Stiv Jobs 2011-ci xərçəng xəstəliyindən vəfat edib. Bundan sonra "Apple" şirkətinin başına Tim Kuk keçib.