BAKI, 28 dekabr — Sputnik. Bu gün səhər saatlarından, itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə "Gilavar" klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
O bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: "Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, axtarışlara FHN-in Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinə əlavə qüvvələr, o cümlədən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
Alpinistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki postuna aparan Xınalıq kənd sakini Rasim Aslanov deyir ki, hava şəraiti pis olduğu üçün onlara geri qayıtmağı məsləhət görüb. Lakin alpinistlər israrla marşrutu davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, alpinistlər dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlardan Babur Hüseynovun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı olduğu bildirilir.