CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onun dünyasını xilas edə bilərik...

Abunə olmaq
Gecikmiş tale, xəstə oğul və yataqxana divarları

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Hər kəsin həyatda bir taleyi var. Kimi onu arzuları üzərində qurub yaşayır, kimi isə ömür boyu arzularının intizarında qalır. Ailə həyatı, xoşbəxtlik, sağlam övlad da hər bir qadının arzusudur.

Təranənin də belə arzuları var idi. Gözəl ailəsi olsun istəyirdi, sağlam övladı, təmirli evi. Ancaq tale ondan hər şeyi əsirgədi…

Bir müddət öncə yolum hazırda 100-ə yaxın ailənin məskunlaşdığı, keçmiş Məhəmməd Hadi adına Göz Xəstəxanasına düşmüşdü. Sakinlərlə söhbət edib problemləri ilə maraqlanırdım. Sağollaşıb çıxanda qarşımı bir qadın kəsib, evinə getməyimi xahiş etdi. Dedi ki, xəstə övladı olduğu üçün köməyə ehtiyacı var.

© Sputnik / Murad OrujovTəranə xanım övladı Əlizaminlə
Təranə xanım övladı Əlizaminlə - Sputnik Azərbaycan
Təranə xanım övladı Əlizaminlə

Otağa üfunət iyindən girmək mümkün deyildi. 47 yaşlı Təranə Dadaşova 2005-ci ildə ailə həyatı qurandan burada yaşamağa başlayıb. Ancaq həyatı heç də istədiyi kimi olmayıb. Gec ailə həyatı quran Təranənin bir övladı dünyaya gəlib. O da xəstə…

Dediyinə görə, həyat yoldaşının 60 yaşı var: "Əslən lənkəranlıyam. Özüm gec ailə həyatı qurmuşam. 2005-ci ildə ailə həyatı qurdum və oğlum dünyaya gəldi. Adını Əlizamin qoydum. Düşünürdüm ki, gec ailə həyatı qursam da, şükür ki, bir övladım var. Qocalanda əlimdən tutar".

"Amma uşaq serebral iflici ilə dünyaya gəlib. 9 yaşı olsa da, nə gəzə, nə də hərəkət edə bilir. Bir neçə dəfə İrana müalicəyə aparmışam. Uşağın müalicəsi üçün 7-9 min manat pul istəyirlər" — deyən T.Dadaşova bildirir ki, Əlizamin ətrafda baş verənləri başa düşür, gəzməyə də can atır, amma bacarmadığı üçün əsəbiləşir.

© Sputnik / Murad OrujovTəranə xanımın yaşadığı yataqxana
Təranə xanımın yaşadığı yataqxana - Sputnik Azərbaycan
Təranə xanımın yaşadığı yataqxana

Uşağın qidalanmasını və geyimini güclə təmin edən ailənin onu müalicə etdirməyə imkanı yoxdur: "Bura ev də deyil ki, satım, uşağımı müalicə etdirim. Deyirlər, Moskvada müalicəsi var. Əməliyyat və müalicə isə çox pul tələb edir".

"Bu yaşımda bütün gün 9 yaşlı uşağın qulluğunda dururam. Heç bir yerdən köməyim də yoxdur. Bir özüməm, bir 60 yaşlı həyat yoldaşım və bir də ümidimi bağladığım xəstə oğlum Əlizamin. Dərdimi kimə danışım, özüm də bilmirəm" — deyə Dadaşova Sputnik Azərbaycan vasitəsilə dərdini milyonlara çatdırır.

Qadın danışa-danışa xəstə övladını qucağına alır, bağrına basıb öpür, oxşayır. Balasının nə vaxtsa sağalacağına ümidi var. Düşünür ki, oğlu sağalacaq, dərsə gedəcək, öz-özünü idarə edə biləcək.

© Sputnik / Murad OrujovYataqxanadakı şərait çox acınacaqlıdır
Yataqxanadakı şərait çox acınacaqlıdır - Sputnik Azərbaycan
Yataqxanadakı şərait çox acınacaqlıdır

Qapıdan çıxanda yalvarır ki, onun harayını xeyirxah insanlara çatdırım. Deyir, bəlkə kimsə kömək edə, övladı sağala…

Təranə Dadaşovaya yardım etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilərlər.

Xəbər lenti
0