BAKI, 28 dekabr — Sputnik. Ermənistanın istintaq orqanları bu il Gümrüdə meyiti tapılmış Rusiya hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevin "İslam dövləti" terror qruplamasının (İŞİD) tərəfdarı tərəfindən öldürüldüyünü müəyyən edib. Sputnik Ermənistan xəbər verir ki, bu məsələ məhkəməyə göndərilən iddianamədə əksini tapıb.
Yalpayev aprelin 22-də qətlə yetirilib. Onun başında, boynunda və kürəyində 8 yerdən kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib. Stepanavan şəhərinin 21 yaşlı sakini Arman Cancuqazyan qətli törətməkdə şübhəli bilinib.
"Cancuqazyana kimliyi hələlik istintaqa məlum olmayan şəxslərlə əlbir olmaqla, aprelin 22-də 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevin həyatına qəsd edərək, dini fanatizm motivləri ilə qanunsuz olaraq gəzdirdiyi soyuq silah vasitəsilə ona bir neçə ölümcül bıçaq zərbəsi endirməsi ilə bağlı ittiham elan edilir" — ittiham aktında deyilir.
Arman Cancuqazyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin "milli, irqi, dini nifrət və ya dini fanatizm zəminində adam öldürmə" və "soyuq silahları qanunsuz daşıma" maddələri ilə cinayət işi açılıb. Cancuqazyan istintaqa ifadəsində İŞİD tərəfdarı olduğunu boynuna alıb.
Ermənistan İstintaq Komitəsi daha əvvəl onun psixi problemlərinin olduğunu və bu səbəbdən müdafiə nazirinin sərəncamı ilə ordudan tərxis edildiyini açıqlamışdı. Cancuqazyan 2016-cı ildə hərbi xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib. Bundan sonra o, Yerevan Hərbi Hospitalının psixiatriya bölməsinə yerləşdirilib. Bu ilin martında ordudan tərxis edilib.
İstintaq Komitəsi Cancuqazyanın qətli şüurlu şəkildə, İŞİD tərəfdarı olduğu üçün törətdiyi qənaətinə gəlib.
Xatırladaq ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazası yerləşir. Bu baza MDB-nin birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində fəaliyyət göstərir.
2010-cu ilin 20 avqustunda Ermənistanla Rusiya arasında imzalanan müqaviləyə əsasən bazanın dislokasiya müddəti 2044-cü ilə qədər uzadılıb. Baza C-300 zenit-raket kompleksi ilə təchiz edilib.