BAKI, 27 dekabr — Sputnik. Saxalində fırtınalı külək siqaret çəkmək üçün eyvana çıxan təqaüdçü qadını yerə atıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın güclü külək nəticəsində 4-cü mərtəbədən yerə düşüb.
Xəbərə görə, 70 yaşlı qadın balkona siqaret çəkməyə çıxıb. Ancaq o, küləyin gücünə dözə bilməyib. Külək onu balkondan yerə atıb. Qadının bəxti onda gətirib ki, o, qar yığınının üstünə düşüb. Təcili yardım maşını hadisə yerinə çata bilmədiyindən qadını traktorun çalovu ilə evakuasiya ediblər. Hazırda o, ağır zədələrlə xəstəxanadadır.
Qeyd edək ki, iki gündür Saxalində güclü külək əsir. Küləyin gücü saniyədə 40 metrə çatır. Küləyin təsirindən 13-ə yaxın çoxmənzilli evin damı zərər görüb. Onlarla yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.