BAKI, 27 dekabr — Sputnik. Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı xəbərdarlıq xarakterli məlumat yayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, xəbərdarlıqda xüsusi hazırlıq keçməmiş şəxslərin axtarış üçün həmin ərazilərə getməsinin onların həyatı üçün təhlükəli olduğu bildirilir.
"Quba rayonunun dağlıq ərazisində itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.
Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir" — deyə məlumatda qeyd olunur.
Nazirlik, həmçinin KİV nümayəndələrini də dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırıb:
"Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur".
Axtarış-xilasetmə işləri barədə əlavə məlumat veriləcək.