BAKI, 27 dekabr — Sputnik. Axtarış qrupu dekabrın 23-də Şahdağın zirvəsində itkin düşmüş 3 alpinistin axtarışlarını davam etdirir. Mütəxəssislər əmindirlər ki, dağlarda qar sürüşməsi baş verməyib. Bu barədə Sputnik Azərbaycan-a Xınalıq sərhəd postundan məlumat verilib.
Hələlik Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və sərhədçilər qrupu tərəfindən aparılan axtarışlar müsbət nəticə verməyib. "Hava və ekstremal idman növləri üzrə "Gilavar — Air&Extreme Sports Club"un üzvləri itkin düşüb. Onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ zirvəsi istiqamətində hərəkət ediblər" — deyə sərhədçilər bildiriblər.
"Dekabrın 26-da qayıtmalı idilər. Məsələ ondadır ki, onlar yolda olarkən Şahdağ zirvəsində hava şərtləri dəyişib və qar yağmağa başlayıb. Biz düşünmürük ki, qar uçqunu baş verib. Çox ümid edirik ki, bu baş verməyib. Ola bilsin, uşaqlar düşərgə quraraq havanın açılmasını gözləyirlər. Hal-hazırda qar yağmır" — postdan əlavə edilib.
Axtarılan alpinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir. Sputnik Azərbaycan-ın müsahibinin sözlərinə görə, sərhəd postuna belə bir məlumat daxil olub ki, alpinistlərdən biri 7 min metr yüksəkliyi fəth edib.
Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirlər.
Hazırda sözügedən rayonda telefon əlaqəsi yoxdur. Hələlik axtarış qrupu itkin düşənlərin izinə belə rast gəlməyib. Əldə olunan məlumata görə, alpinistlər Xınalıqda deyil, Şahdağ ərazisində itkin düşüblər.