BAKI, 26 dekabr — Sputnik. Sovet uşaqlarının sevimlisi, Rusiyanın Xalq artisti, SSRİ dövlət mükafatı laureatı, bəstəkar Vladimir Şainski vəfat edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, uşaqdan böyüyə hamının yaddaşında məhz animasiya filmləri üçün bəstələdiyi musiqilərlə qalan Şainski bu gün 92 yaşında dünyadan köçüb.
O, Çeburaşka, Timsah Gena ("Çeburaşka" cizgi filminin qəhrəmanları-red.) haqqında yazdığı ölməz musiqilərlə məşhurdur.
Onun yaradıcılığında "Yenidən Aniskin", "Ot üstündə səhər yeməyi", "Məktəb valsı", "Saat hələ işləyir", "Balaca yenot" və s. filmlərə bəstələdiyi mahnılar da əsas yer tutub.
Şainski 12 dekabr 1925-ci ildə Kiyevdə anadan olub.
1940-1950-ci illərdə onun yazdığı mahnılar bir çox xarici orkestr və müğənnilərlə yanaşı Azərbaycanın görkəmli ifaçısı Rəşid Behbudovun da repertuarında yer alıb.
Şainskini ölkəmizlə həm də dahi Üzeyir Hacıbəyovun adını daşıyan musiqi ocağı bağlayır. O, 1962-ci ildə Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsinə daxil olub.
O, şair Mixail Taniçlə birlikdə bir sıra əsgər mahnılarının da müəllifidir: "Əsgər şəhərə gedir", "Gəl, atlı qoşun", "Qələbə", "Məktub gəlib", "Ağlama, qız" və s.
Ona şöhrət qazandıran ilk əsəri 1968-ci ildə yazdığı "Lada" kompozisiyası olub. 1970-ci illərdə artıq Şainskinin adı mahnı janrında yazan məşhur sovet bəstəkarlarının adı ilə yanaşı çəkilirdi. Onun mahnıları ümumxalq sevgisi qazanmışdı.
Şainskini ən çox məşhurlaşdıran isə uşaqlar üçün yaratdığı əsərlər olub. Onun musiqiləri içərisində "Az, Buki, Vedi", "Nilsin səfəri", "Celsomina və piratlar" da məşhur idi.