BAKI, 26 dekabr — Sputnik. Türkiyənin Qars vilayətində baş verən avtobus qəzası zamanı yaralanan Azərbaycan vətəndaşları müayinə olunaraq evə buraxılıb. Sputnik Azərbaycan olke.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib.
O bildirib ki, ötən gün Qarsın Qarayurd-Kağızman yolunda içərisində azərbaycanlıların da olduğu sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralanan və xəsarət alan azərbaycanlarının əksəriyyəti evlərinə yola salınıb: "Avtobusda xəsarət alan azərbaycanlılardan cəmi 7 nəfəri hazırda xəstəxanadadır. Digərləri müayinə olunaraq Azərbaycana yola salınıb".
Baş konsul hazırda Türkiyədə xəstəxanada müayinə olunan Azərbaycan vətəndaşlarının siyahısını da açıqlayıb: "Hazırda xəstəxanada 7 nəfər Azərbaycan vətəndaşı qalıb. Onlar Sevil Hüseynova, Zöhrə Abdullayeva, Adil Əliyev, İdris Məmmədov, Allahverdi İbrahimov, Həbib Cəlilov və Züleyxa Qələndərovadır. Bu şəxslərin hamısı Naxçıvan Muxtar Respublikasının sakinləridir. Yəqin ki, yaxın vaxtlarda bu şəxslər də müayinə olunaraq öz evlərinə yola salınacaq".
Xatırladaq ki, İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb. Hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.
İstanbuldan Azərbaycana gələn "İğdır Turizm" şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.
Qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.