BAKI, 26 dekabr — Sputnik. Ölkəyə pirotexniki vasitə gətirmək istəyən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr — petardalar və fişənglər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.