Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Seçki Məcəlləsinin 103-cü maddəsində (Seçki qutuları) "möhür" sözünün "kilid" sözü ilə əvəz edilməsi o qədər də effektli deyil. Bunu millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Millət vəkilinin fikrincə, yaxşı olardı ki, burada hər iki söz olsun: "Çünki ola bilər, seçki qutularına kilid vurulsun, amma möhür olmasın. Və yaxud seçki qutuları möhürlənsin, amma kilidlənməsin. Hesab edirəm ki, hər iki halda müəyyən çatışmazlıq var".
T.Kərimlinin sözlərinə görə, bir sıra ölkələrdə artıq digər səsvermə qaydaları, elektron səsvermə mövcuddur: "Yəni biz Sovet dövründə "möhür" sözündən istifadə etmişik. Digər post-Sovet respublikalarında da bu cür olub. Hesab edirəm ki, bir söz istənilən səviyyəni ehtiva etmir. Yəni həm "möhür", həm də "kilid" sözü olsaydı, daha yaxşı olardı".
Qeyd edək ki, Seçki Məcəlləsində Müşahidəçilərin hüquq və vəzifələri, Seçki qutuları, Səsvermə qaydası, Seçki məntəqəsində səslərin hesablanması və digər maddələrə dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, 103.4-cü maddənin birinci cümləsində "möhürlənir" sözü "kilidlənir" sözü ilə, ikinci cümləsində "Möhürlər" sözü "Kilidlər" sözü ilə əvəz edilib. Təklif olunan variantda deyilir ki, səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.
Mövcud variantda isə deyilir ki, səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada möhürlənir. Möhürlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.
Digər bir dəyişikliklə 104.5-ci maddədə (104-cü maddə Səsvermə qaydası adlanır) "möhürləyir" sözü "kilidləyir" sözü ilə əvəz edilib.
Təklif olunan variantda bildirilir ki, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. Mövcud variantda isə deyilir ki, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.
Seçki Məcəlləsinə edilən bu və ya digər dəyişikliklər Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.