BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.
Palatanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) hesabatlar rüblük əsasda təqdim edildiyindən ən son hesabat 30.09.2017-ci il tarixində təqdim edilib. Bu tarixə olan hesabata görə, bankda 66 286 nəfər əmanətçinin 81,5 mln manat Fond tərəfindən kompensasiya olunan əmanəti olub.
22.12.2017-ci il tarixində bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı bankda ilkin qiymətləndirmə aparılıb. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln manat təşkil edir. Əmanətçilərin 52 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır.
İlkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manat təşkil edir.
“DəmirBank”ın kredit ödəyiciləri ödənişlərini bankın istənilən filialında, rəsmi internet səhifəsi üzərindən (www.demirbank.az), həmçinin «MilliÖN» ödəniş sistemi vasitəsi ilə həyata keçirə bilərlər.
Bankda aparılan işlər, həmçinin ƏSF tərəfindən ödəniləcək kompensasiyalarla bağlı daha ətraflı məlumatlar 29 dekabr 2017-ci il tarixində təşkil ediləcək mətbuat konfransında açıqlanacaq.