Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə — Azərbaycan, ingilis, rus dillərində istehsal etdiyi “Zəngəzur” sənədli filminin təqdimatı olub. Bundan başqa, mərkəzin istehsalı olan “Qubadlı” 3 D qrafik təsvirli filmi, Qarabağ Xalçaları elektron albomu, mərkəzin yeni funksional portalı da ictimaiyyətə təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində Mərkəz tərəfindən istehsal olunan “Zəngəzur” sənədli filmi Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzur mahalının azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barəsindədir: “Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzurun azərbaycanlılara məxsus olması haqqında məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir. Filmdə Zəngəzurda olan azərbaycanlılara məxsus yer adları və onların dəyişdirilməsindən, qədim və orta əsrlərdə Zəngəzurda baş verən hadisələrdən, bu ərazilərə ermənilərin köçürülməsindən, Zəngəzurda ermənilərin törətdiyi qırğınlardan, Zəngəzurun mədəni irsindən, görkəmli şəxsiyyətlərindən bəhs olunur”.
“Azərbaycanda Zəngəzur haqqında ilk dəfədir ki, əhatəli və 3 dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orjinallığı da onun dünyaya yayılmasını asanlaşdırır” – deyə o bildirib.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev sonda filmin çəkilişində əziyyəti olan şəxslərə — filmin baş məsləhətçi, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudova, ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafaya, qurluşçu rejissoru Teymur Nəcəfzadəyə, ingilis versiyasının redaktoru, İngiltərədən olan jurnalist İan Peartə və digər əməkdaşlara təşəkkürünü bildirib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubadlı Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn “Qubadlı” 3 D qrafik təsvirli film nümayiş olunub. Layihə Azərbaycan və ingilis dilində istehsal olunan “Qubadlı – virtual səyahət” 3 D qrafik təsvirli film vasitəsilə Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə, sanki canlandırılır, bir növ, tamaşaçı Qubadlı rayonuna virtual səyahətə çıxır.
Tədbirdə “Virtual Qarabağ” İKT mərkəzinin yeni məhsullardan biri olan “Qarabağın xalçaları” elektron albom da təqdim olunub. Məlumdur ki, Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ həm də dünyaya səs salan xalçaçılıq mərkəzlərindən biridir. Belə zəngin mədəni irsin qorunması, onun gələcək nəsillərə sağlam şəkildə çatdırılması, yad əllərə düşməsinin qarşısının alınması zəruri mədəni fəaliyyətlərdəndir. “Qarabağın xalçaları” elektron albomu da məhz bu vacib məqsədə xidmət edir. Albomda məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotolar öz əksini tapır. Layihənin elmi məsləhətçisi Akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır.
Sonda mərkəzin yeni funksional portalı — www.virtualkarabakh.az da gücləndirilmiş formada ictimaiyyətə təqdim olunub. Bildirilib ki, portal müasir dövrün tələblərinə uyğun olaraq daha dinamik, müasir dizaynda yenidən qurulub.
Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir.