İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. "Təəssüf ki, dünyada ikili standartlar mövcuddur. Bir sıra regionlarda qanlı münaqişələrin davam etməsinin səbəblərindən biri də mövcud olan ikili standartlardır". Bunu millət vəkili Sevinc Fətəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, insanlığa qarşı cinayətlər tarix boyu baş verib və təəssüflər olsun ki, bu gün də baş verir: "Hər müharibənin və münaqişənin dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb. Yüzlərlə dinc sakinin qəddarlıqla öldürülməsi Azərbaycan ərazisində ermənilərin törətdikləri ən qanlı cinayətlərdəndir. Ötən əsrin sonlarında 613 günahsız insan məhz azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib".
"Ermənilər tərəfindən törədilmiş qırğın, insanların işgəncələrlə öldürülməsi, cəsədləri üzərində təhqiramiz həqarətlər edilməsi beynəlxalq media tərəfindən işıqlandırılıb. Bəlkə də Xocalı hadisələrinə vaxtında düzgün hüquqi qiymət verilsəydi, dünya ictimaiyyəti siyasi məsələlərlə yanaşı, insanlıq məsələlərinə də kifayət qədər diqqət yetirsəydi, onda cinayətkar olduğunu etiraf edən Ermənistan prezidenti vaxtında cəzalandırılardı. Və bu gün terrorçuluq dünyada bu qədər yayılmazdı" — deyə millət vəkili əlavə edib.
S.Fətəliyeva, həmçinin dünya ictimaiyyətinin bu gün dünyada baş verən hadisələrə lazımi qiymət verməməsinə təəssüf ifadə edib: "Bu gün dünya ictimaiyyəti daha çox hərbi məsələlərlə — hücumlarla, hava bombardmanları ilə, partlayışlarla maraqlanır, ancaq qadınlara və uşaqlara qarşı zorakılıq, onların istismarı, qula çevrilməsi sadəcə müzakirə olunub qınanır".
"Baş verənlərə susmamalıyıq, dərhal reaksiya verib ciddi addımlar atmalıyıq. Əks halda, soyqırımlar, qadın və uşaqların müharibə silahı kimi istifadə olunması müharibənin tərkib hissəsinə çevriləcək və bunun qarşısını heç bir qanun, heç bir konvensiya ala bilməyəcək. Bunun üçün ilk növbədə ikili standartlara son qoyulmalıdır" — müsahibimiz vurğulayıb.