BAKI, 25 dekabr — Sputnik. Bakıda Miladın gəlişinə bir saat qalmış bir kişi ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təşvişinə səbəb olub. Gecə saat 23:00 radələrində Azadlıq prospektində yerləşən səfirlik binasına yaxınlaşaın şəxs orada əlindəki tapançanı fırlatmağa başlayıb.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Kişi tapançanı əlində məqsədinə çatana qədər deyil, polis onu saxlayana qədər tutmalı olub. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları səfirliyə hücum edən şəxsi tutaraq bölməyə aparıblar.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi dünyadakı bütün diplomatik nümayəndəliklərində olduğu kimi daim öz əməkdaşlarını mümkün təhlükələrdən xəbərdar edir. Bakıda da belə olub və səfirlik əməkdaşları polis məsələyə müdaxilə edənə qədər həyəcan keçiriblər.
Əməliyyatçılar elə biliblər ki, təhlükəli cinayətkarı tutublar. Amma sonra məlum olub ki, qanunu pozan şəxsin əlindəki sadəcə oyuncaq tapança imiş. Caninin özü isə sən demə sağlam deyilmiş.
Məlumata görə, saxlanılan şəxs 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Quliyev Vidadi İsmayıl oğludur. Vidadi Quliyev psixi çatışmazlıqdan əziyyət çəkir. Bununla əlaqədar olaraq asayiş keşikçiləri onu 2 saylı Psixiatriya Xəstəxanasının həkimlərinə təhvil veriblər.
Bundan əvvəl isə polis Quliyevə belə bir sual verib: "Niyə məhz Amerika səfirliyi?" Quliyev cavab verə bilməyib və sadəcə çiynini çəkməklə kifayətlənib.