İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 dekabr — Sputnik. 2017-ci ilin sonuna sayılı günlər qalıb. Qarşıdan yeni il gəlir. Artıq mağazalarda, marketlərdə yeni il hədiyyələrinin satışına başlanılıb, şəhərin müxtəlif yerlərində, metro çıxışlarında yeni il yarmarkaları təşkil edilib.
Valideynlər övladlarını sevindirmək məqsədilə onlara yeni il üçün nəzərdə tutulmuş hazır hədiyyə bağlamaları almağa üstünlük versələr də, qutuya yığılmış məhsulların keyfiyyətindən xəbərsiz olurlar. Bəzən valideynlər elə düşünürlər ki, hədiyyənin qiyməti bahadırsa, içindəki məhsul da keyfiyyətlidir.
Bəziləri isə ucuz olsa belə, hədiyyə ala bildiyinə görə sevinirlər. Bir sözlə, hədiyyə qutusundan nə çıxacağı çox az valideyni narahat edir.
Bu gün mağazalarda 3 manatdan başlayan qiymətlərlə yeni il üçün nəzərdə tutulmuş müxtəlif hədiyyə bağlamaları satılır. Satıcı Samir Əhmədov Sputnik Azərbaycan-a deyir ki, mağazada satılan bütün hədiyyə bağlamaları təmiz, keyfiyyətli və yeni məhsullardan yığılıb: "Hədiyyə bağlamalarını özümüz yığırıq və mağazada uşaqlar üçün satılan şirniyyatlardan, konfetlərdən qoyuruq. Buna görə də hədiyyə bağlamalarının qiyməti 10 manatdan aşağı deyil".
"Mağazamızda 50 manata satılan hədiyyə paketi də var. Onun içində 1 kiloqrama qədər Moskvada istehsal olunmuş şirniyyatlar var. Bütün məhsullar təzədir. Ucuz qutulardakı hədiyyələr isə daha ucuz məhsullardan yığılıb" — Əhmədov danışır.
"Məsələn, əgər 30-50 manatlıq hədiyyə yığırıqsa, içinə hər bahalı konfetdən 2 ədəd qoyuruq. Ucuz qutulara isə şirniyyatlar tək-tək qoyulur və çox da yüksək keyfiyyətli olmur. Həmin bağlamalara 20 qəpiklik şokolad və peçenyelər də qoyulur. Seçim isə azaddır. Hər kəs büdcəsinə görə alır" — o, əlavə edir.
Satıcı bildirir ki, 2 ildən artıqdır bu mağazada işləyir, amma bir dəfə olsun belə məhsul köhnə olduğu üçün geri qaytarılmayıb və alıcılardan şikayət daxil olmayıb.
Uşaqlar üçün yeni il hədiyyə bağlamaları hər mağazada var. Amma yaxşısını seçmək o qədər də asan deyil. Bəzən qutuların rəngarəngliyi, ağırlığı, bəzən də böyüklüyü alıcı kütləsini özünə cəlb edir. Alıcını hədiyyə bağlamasının forması, həcmi və ağırlığı qane edirsə, qutunu açıb içindəkilərə baxmaq yadına belə düşmür.
Həmçinin yeni il şənliklərində uşaqlara hədiyyə edilən bağlamaların içindəkilər də çox valideyn üçün maraqlı olmur. Bu da öz növbəsində uşağın sağlamlığına zərər verir. Yeni il bağlamalarındakı mənşəyi bilinməyən şirniyyatlar uşaqları zəhərləyir, müxtəlif allergik reaksiyaların baş verməsinə səbəb olur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edir ki, hazırda dükanlarda vaxtı keçmiş, istifadəyə yararsız olan malları hədiyyə paketlərinin içinə doldurub satırlar: "Ona görə valideynlər həm əyləncə müəssisələrində, teatrlarda uşaqlara verilən hədiyyələrdən, həm də mağazalarda satılan hədiyyələrdən ehtiyatlı olmalıdırlar. Əks halda bu, uşağın zəhələnməsi və ya xəstələnməsi ilə nəticələnə bilər".
Yeni ilə az qaldığı üçün artıq bir çox mədəniyyət müəssisəsində hazırlıqlar görülür. Müxtəlif şənliklərin təşkil edildiyi müəssisələrdə qiyməti 10 manat olan biletə, üstəlik hədiyyə paketi də verilir. Bu da əlbəttə ki, bir qədər şübhəli görünür. Həmin hədiyyə bağlamalarının içindəki şirniyyatların keyfiyyətinə isə zəmanət verən yoxdur.
E.Hüseynov bildirir ki, uşaqlarının sağlamlığı naminə valideynlər belə hədiyyələr alarkən diqqətli olmalıdırlar: "Hər bir valideyn yeni il hədiyyə paketi alarkən içindəki şirniyyatların keyfiyyəti ilə maraqlanmalı, qutuların üzərindəki son istifadə tarixinə nəzər salmalı və məhsulların hansı ölkədə istehsal olunması ilə də maraqlanmalıdırlar".
"Valideyn uşağına yeni il hədiyyə bağlaması və yaxud şirniyyat alarkən mütləq diqqətli olmalıdır. Çünki onları sevindirməyə çalışdığınız halda həyatları ilə oynaya bilərsiniz" — ekspert vurğulayır.