İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsi 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi 45, 47, 49, 51, 53, 55, 57 ünvanlarında yaşayan bir qrup sakin Sputnik Azərbaycan-a müraciət edərək, problemlərini işıqlandırmağı xahiş ediblər. Sakinlərin sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyəti onları məhkəməyə verərək, evlərindən çıxmağa məcbur edir.
Ərazi sakini Viktor Sapunkovun szölərinə görə, sakinlər "Qloria Palace" tikinti şirkətini və Nəsimi Rayon İcra Hakimiyyətini məhkəməyə verib: "Biz iddia qaldırmışıq ki, Nəsimi Rayon İcra Hakimiyyətinin tikinti şirkətinə verdiyi sərəncam ləğv olunsun. Bizə dediklərinə görə, ərazi qəzalı vəziyyətdə olduğu üçün evlər sökülməlidir. Biz keçən həftə məhkəmədə tələb etmişik ki, adı çəkilən ünvanlarda məhkəmə qərar verməmiş heç bir tikinti, söküntü işi aparılmasın. Heç bir komunukasiya kəsilməsin".
V. Sapunkovun sözlərinə görə, bu gün onlara xəbərdarlıq edilib ki, şənbə-bazar günləri onların evlərini sökəcəklər.
Digər sakin Mətanət Abdurrəhmənovanın sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyətindən Prezident Aparatına sakinlərin razılığa gəlməsi və artıq evlərini tərk etməsi ilə bağlı yalnış məlumat ötürülüb.
Vətəndaşlar etiraz əlaməti olaraq Prezident Aparatının qarşısında aksiya keçirməyi planlaşdırır.
Xatırladaq ki, onların problemi iyun ayından başlayıb. Özünü "Qloria Palace" tikinti şirkətinin rəhbəri kimi təqdim edən Hikmət Hüseynov adlı şəxs onlara yaxınlaşaraq, evlərin söküləcəyini bildirib. Hüseynov deyib ki, tikinti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti sərəncam verib və orada olan bütün fərdi evlər sökülərək yerində pilot layihə kimi yeni çoxmərtəbəli bina tikiləcək.
Hüseynov həmçinin, vətəndaşlara kirayə qalmaq üçün 200-300 manat arası pul təklif edib. Sakinlər isə şirkət rəhbərinin sözlərinə inanmayıb və dedikləri ilə razılaşmayıblar. Bundan sonra şirkət və sakinlər arasında mübahisəli vəziyyət yaranıb.