BAKI, 22 dekabr — Sputnik. BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.
Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.
Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü — Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyiblər.
Gürcüstan, Ukrayna, Moldova da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.
Qətnamə, həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməsinlər.