CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı bu kəndlərə giriş qadağandır - SOS

© © Foto R.Hüseynov tərəfindən təqdim olunub"SOS" uşaq kəndləri
SOS uşaq kəndləri - Sputnik Azərbaycan
Abunə olmaq
Rəşad Hüseynov: "Bu kəndlərdə yaşayan uşaqların vəziyyətini açıqlığı ilə cəmiyyətə göstərmək olmaz"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. "SOS" uşaq kəndləri təşkilatının 1999-cu ildə əsası qoyulub. Təşkilat 2001-ci ildən fəaliyyət göstərir. Hazırda təşkilatın nəzdindəki kəndlərdə 200-ə yaxın uşağa xidmət göstərilir. Onlarla ünsiyyət qurmağa, yaşayışları ilə tanış olmağa çalışsaq da, "SOS"un rəhbərliyindən buna icazə olmadığı bildirildi. Deyildi ki, bu, uşaqların həyatına müdaxilə deməkdir.

Qərara gəldik ki, "SOS" uşaq kəndləri təşkilatının fəaliyyəti haqqında məlumatları təşkilatın milli direktoru Rəşad Hüseynovdan alaq. Təşkilat rəhbərinin Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik:

— Bir qədər "SOS" uşaq şəhərciyi haqqında məlumat verməyinizi istərdik.

— Təşkilatımızın açılışı Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi və təşkilatın fəxri prezidenti Sevil xanım Əliyeva idi. O vaxtdan təşkilat dövlət tərəfindən himayə edilib və güclü idarə heyəti formalaşdırılıb. Sevil Əliyeva hələ də təşkilatın fəxri prezidenti olaraq qalır. Təşkilat həm beynəlxalq ofis, həm də idarə heyəti və milli ofisdən ibarətdir. Bir də yerlərdə kəndlər var ki, burada uşaqlara xidmət göstərilir. Bu, uşağa ailə əsaslı qayğı modelini formalaşdırır. Ötən il biz təşkilatın 15 illiyini və Gəncə filialının 10, Bakı kəndinin 15 illiyini qeyd elədik.

© Sputnik / Irade JELIL"SOS" uşaq kəndlərinin milli direktoru Rəşad Hüseynov
SOS uşaq kəndlərinin milli direktoru Rəşad Hüseynov - Sputnik Azərbaycan
"SOS" uşaq kəndlərinin milli direktoru Rəşad Hüseynov

Təşkilat 3 böyük istiqamət üzrə fəaliyyət göstərir:

Birincisi qayğıdır — valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə əsaslı qayğı.

İkincisi privensiyadır — önləyici tədbir. Təşkilat çalışır ki, uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısını alsın. Bura ailələrə dəstək proqramı, gün ərzində qayğı xidmətləri aiddir.

Təşkilatın üçüncü fəaliyyəti ictimai vəkillikdir. Burada uşaq hüquqları, uşaq hüquqlarının dövlət səviyyəsində təbliğatı və s. nəzərdə tutulur. Hazırda bizim kəndlərimizdə 200-ə yaxın uşağa qayğı göstərilir. Gəncə və Bakı kəndlərindəki "SOS" ana modelidir. Burada analar uşaqlara qayğı göstərir. Qayğı görən uşaqlara müəyyən yaşdan sonra da dəstək oluruq. Diqqət yetirin, internat evinin formatı belədir ki, uşaqlar 18-21 yaşa gəldikdə, onlarla sağollaşırlar və sonrakı dövrdə uşaqlara dəstək göstərilmir. "SOS"un qayğı modeli isə belədir ki, müəyyən — 15-16 yaşdan sonra uşaqlar gənclər evinə köçürülür. Buradakı məqsəd ondan ibarətdir ki, onlar bundan sonrakı həyata hazırlaşsınlar. Gənclər evində uşaqlara həm müxtəlif həyat bacarığı, həm də sərbəst yaşamaq bacarıqları öyrədilir. Onların universitetə, kollecə daxil olmasına yardım edirik.

© © Foto R.Hüseynov tərəfindən təqdim olunub"SOS" uşaq kəndləri
SOS uşaq kəndləri  - Sputnik Azərbaycan
"SOS" uşaq kəndləri

 Uşaqlar "SOS" uşaq kəndlərinə necə qəbul edilir?

— Dövlətin özünün uşaq müdafiəsi qayğı sistemi var. Valideynlər icra hakimiyyətinə müraciət edirlər və uşaqların hansısa müəssisəyə yerləşdirilməsini istəyirlər. Bu işlərə icra hakimiyyəti baxır. Ailənin ehtiyacları və vəziyyəti qiymətləndirildikdən sonra Təhsil Nazirliyinə məktub göndərilir ki, belə bir valideyn var və usağını hansısa müəssisəyə yerləşdirmək istəyir. Təhsil Nazirliyində qiymətləndirmə əsasında uşaqların internat məktəblərinə və ya "SOS" uşaq kəndlərinə göndərilməsi müəyyənləşdirilir.

Bizim hədəf qrupumuz var. Çalışrıq ki, doğrudan da qayğıya ehtiyacı olan və ən az müdafiə olunmuş, ən həssas təbəqəyə aid uşaqları qəbul edək. "SOS"a 3-12 yaşlı uşaqlar qəbul olunur. Bilirsiniz ki, 3 yaşdan yuxarı atılmış uşaqların yerləşdirilməsinə Təhsil Nazirliyi, 3 yaşdan kiçik uşaqlara isə Səhiyyə Nazirliyi nəzarət edir. 3 yaşdan yuxarı uşaqlar internat müəssisələrinə yerləşdirilir. "SOS"un hədəf qrupu məsələsinə görə biz yekun qərarı özümüzdə saxlayırıq. Məsələn, bizə yönləndiriləndən sonra sosial işçimiz ailənin vəziyyətini qiymətləndirir. Bu zaman ailənin evinə baxış keçirilir və ailənin vəziyyəti müəyyən edilir. Qiymətləndirmə zamanı müəyyən edilsə ki, uşaq ailədə qala bilər, bizim hədəfimizə uyğun deyil, o zaman məsələni yenidən Təhsil Nazirliyində müzakirə edirik və yekun qərar verilir. Uşaq hədəf qrupumuza aid deyilsə, götürülmür.

© © Foto R.Hüseynov tərəfindən təqdim olunub"SOS" uşaq kəndləri
SOS uşaq kəndləri  - Sputnik Azərbaycan
"SOS" uşaq kəndləri

 Əgər bir valideyn uşağından imtina etmək fikrindədirsə, onsuz da edəcək. Siz sonradan uşağın vəziyyəti ilə maraqlanırsınızmı?

— Əvvəllər bizim "Ailələrə dəstək" (Bakı, Gəncə, Sumqayıt) layihəmiz var idi. 300-400 ailəyə xidmət edirdi, uşaqlara və onların ailəsinə dəstək olurduq. Biz layihələrimizi belə ailələrə yönəldirdik ki, uşaqlar öz ailələrində qalsın. Amma hazırda maliyyə çatışmazlığı üzündən həmin layihələr ləğv edilib. Ümid edirəm ki, gələcəkdə maddi problemlər həll edildikdən sonra layihələrə davam edəcəyik.

 Təşkilat haradan maliyyələşir?

— Maliyyə vəziyyəti ilə bağlı onu deyə bilərəm ki, təşkilat ikili maliyyə sistemi ilə çalışır. Təşkilat həm beynəlxalq donor tərəfindən maliyyələşdirilən, həm də dövlət subsidiyasi alan təşkilatdır. "SOS" uşaq kəndləri dövlətdən subsidiya alan bir neçə təşkilatdan biridir. Yəni, bu da bizim idarə heyətinin daim dəstəyi ilə baş verən haldır. Amma ki, dövlət subsidiyası müəyyən qədərdir, davam edir, ancaq xərclərimizi müəyyən qədər ödəyir. Burada beynəlxalq subsidiya məsələsi də var ki, 2020-ci ildə beynəlxalq subsidiyalarımız artiq sıfıra enəcək və təşkilat maliyyə üçün yeni kanallar tapmalıdır.

 Bir müddətdir ki, "SOS" uşaq kəndlərini cəmiyyətə göstərmirsiniz. Sizcə, bu, cəmiyyətdə təşkilata qarşı inamsızlıq yaratmır? Düşünmürsünüz ki, təşkilata maliyyə yardımlarının artırılması üçün uşaq kəndlərini cəmiyyətə göstərmək lazımdır?

— Bu kəndlərdə yaşayan uşaqların vəziyyətini açıqlığı ilə cəmiyyətə göstərmək olmaz. Belə olarsa, bir çox valideyn uşağını gətirib bura qoymağı düşünər.

— Bildiyimizə görə, əvvəllər jurnalistlər "SOS" uşaq kəndlərinə dəvət edilib, hətta bu barədə proqramlar da hazırlanıb…

— Mənə görə, şəxsən bu praktika düzgün praktika deyil. Gəlin, bir anlıq özümüzü o uşaqların yerində hiss edək. Elə bilin ki, biz valideyn himayəsindən məhrum uşaqlarıq və bizi ora qoyublar. Hər 3-5 gündən bir adam gəlir, baxır, maraqlanır, gedir. Bu, düzgün yanaşma deyil. Biz müəyyən qədər insanlarımızı da başa düşürük, onlar bilməlidir ki, verdikləri ianə hara gedir. Biz bunu şəffaf maliyyə hesabatları ilə təqdim edə bilərik. Bunu uşaqların həyatına müdaxilə etməklə ortaya qoymaq düzgün deyil.

© © Foto R.Hüseynov tərəfindən təqdim olunub"SOS" uşaq kəndləri
SOS uşaq kəndləri  - Sputnik Azərbaycan
"SOS" uşaq kəndləri

 Ancaq elə insanlar da var ki, onlar üçün hesabat maraqlı deyil, ancaq gördüklərinə inanırlar.

— Mən "SOS" Bakı kəndində 6-7 ay direktor kimi calışmışam, öncədən bununla bağlı çox mübarizə aparmışam. Mənə görə, dəstək bu cür olmalı deyil. İnsanlar gəlir ki, "plov bişirmişəm, uşaqlara paylamaq istəyirəm, 2 kq kənd almışam, o evdə paylamaq istəyirəm, əvvəl də etmişəm". Amma mən bunu qəbul etmirəm. İnsanlara izah etməyə çalışıram ki, sizin bu gətirdiyiniz ərzağa uşaqların ehtiyacı yoxdur. Dövlət bunu qarşılayır, uşağın kifayət qədər yeməyi, geyimi var. Əgər kömək etmək istəyirsinizsə, sizə ehtiyacları deyim. Məsələn, filankəsin təhsil alması üçün filan qədər vəsait çatmır və yaxud, filan uşağın təhsili üçün kitabı yoxdur. Və ya gəlin, inkişaf üçün oyuncaqlar, şahmat alın. Gələn insanlardan da bəziləri razılaşırdı, onlar da cavan nəslin nümayəndələridir.

 Uşaqlar hansı yaşda "SOS" uşaq kəndlərini tərk edir?

— Uşaqlara fərdi yanaşılır. Tutaq ki, kimsəsizdir və 21-22 yaşı olsa belə, SOS-u tərk etmək imkanı yoxdur. Onları elə buraxa bilmərik ki, "get, harada qalırsan, qal". Ən azından, işlə təmin olunmalarına nəzarət edirik. Və bəzən də elə uşaqlar olur ki, onların valideynlərini axtarıb tapırıq. Bir neçə belə uşaq olub ki, valideynini tapmışıq.

 Maraqlıdır, uşaqlar bu vəziyyəti necə qarşılayır?

— Ağrılıdır. İzah etmək olmur. Bəzən uşaq qəbul etmir, bəzən ailə qəbul etmir. Hər ailədə bir cür yanaşma olur. Bizim də marağımız var ki, uşaq buranı tərk etdikdə, getməyə yeri olsun.

 "SOS"u bitirən uşaqların "Məzun evi"ndə mənzillə təmin edilmə imkanları varmı?

— Məsələ orasındadır ki, burda bir az mandat məsələsi var. Biz də çalışırıq ki, uşaqlara dövlət tərəfindən həmin məzun evlərində mənzil verilsin. Sadəcə problem ondadır ki, məzun evlərinin əsasnaməsində yazılıb ki, evlər Təhsil Nazirliyinin nəzdindəki internat müəssisəsini bitirən uşaqlara verilir. Burada da belə bir məsələ var ki, "SOS" uşaq kəndləri internat kimi hesab edilmir. Bura ailə tipli qayğı müəssisəsi hesab edilir. Bu səbəbdən bizim uşaqlar ev ala bilmədilər. Beş uşaq müraciət etmişdi. Təəssüf ki, onlara mənzil verilmədi. Təhsil və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə əlaqə saxladıq, bizə bildirdilər ki, əsasnamədəki boşluğa görə uşaqlara mənzil verilməyib. Təəssüf ki, biz o məsələni həll edə bilmirik.

Xəbər lenti
0