BAKI, 21 dekabr — Sputnik. "Axtarışlar, yekunlaşdı. FHN əməkdaşlarının ətraflı axtarışlarına baxmayaraq heç nə tapılmadı".
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. "Düşünürük ki, bu, yalan informasiyadır. Hazırda protokol tərtib olunur. Əlavə nə olsa, məlumat veriləcək" — deyə qurumdan bildirilib.
Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə də, axtarış artıq başa çatıb: "Axtarışın nəticəsi sübut edir ki, məlumat yalnış olub. Yəqin ki, zəng edən şəxsin kimliyi müəyyən ediləcək və lazımi tədbirlər görüləcək".
"Bu zəngin dünən axşam saatlarında vağzalda transformatorda baş verən qəza ilə əlaqəsi ola bilər. Düşünürük ki, zəng edən şəxs vəziyyətdən istifadə edərək ajiotaj yaratmaq istəyib" — mənbə əlavə edib.
Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın Sputnik Azərbaycan-a dediyinə görə, saat 12.00-da məlumat mərkəzinə məlumat daxil olub ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub: "Guya, bomba "Pitsa Hot" restoranına qoyulub. Dərhal ərazi qapadılıb".