BAKI, 21 dekabr — Sputnik. Dövlət büdcəsində keçən illə müqayisədə 4 milyardlıq artım var. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.
O bildirib ki, gələn ilin büdcəsi dövlətin bir sıra prioritetlərinin önə çəkilməsinə şərait yaradır: "Gələn ilin dövlət büdcəsində sosial yönümlü ayırmalarda insan inkişafı əsas götürülür. Səhiyyə və təhsil xərclərinin artırılması bunun bariz nümunəsidir".
"Həmçinin ölkədə peşə təhsilinin inkişafına diqqətin artırılması, gənclərin işsizliyinin azaldılması üçün atılan addımlar da önəm daşıyır. Gələn il sosial müdafiə və təminat xərclərinin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə sosial evlərin tikilməsi üçün keçən illə müqayisədə 50 milyon manat artıq vəsait ayrılıb. Həmçinin gələn il dövlət əsaslı investisiya qoyuluşu da 4 milyarddan artıq olacaq" — Atakişiyev bildirib.