BAKI, 21 dekabr — Sputnik. 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında müsbət dinamika müşahidə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci il üçün hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, bu tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb.
"Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb".
Hesabatda, həmçinin qeyd olunub ki, 2017-ci ildə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binası da istifadəyə verilib. UFAZ-a keçirilmiş qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və bu ali məktəbə qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri tələbə adını qazanıb. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.