Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 20 dekabr — Sputnik. Gəncədə cavan oğlan keçmiş arvadını öldürməyə cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, ötən gün Gəncənin Nizami rayonu ərazisində yerləşən "Əminə" supermarketində yerli sakin, 1993-cü il təvəllüdlü Qurbanəlizadə Elsevər Eldəniz oğlu keçmiş arvadı, 18 yaşlı Quliyeva Sevinc Telman qızına çoxsaylı bıçaq zərbələri vurub. Sevinc Quliyeva adıçəkilən marketdə işləyirmiş.
Qurbanzadə saxlanılıb, zərərçəkmiş isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 29-cu (cinayət törətməyə cəhd) və 120-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Quliyevanı həddi-buluğa çatmamış ərə veriblər. Valideynləri onu bu nikaha məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.
Qurbanəlizadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb. Qurbanəlizadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.
Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, erkən nikahlar bu region üçün adi haldır. Hüquq mühafizəçiləri erkən nikahlara yol verməmək üçün əhali arasında maarifləndirmə işləri aparmağa məcbur olub.
"Biz bununla profilaktik iş aparırıq ki, erkən nikahlara yol verilməsin. Çünki məhz belə düşünülmədən qurulan ailələrdə tez-tez problemlər yaranır və məişət cinayətləri üçün zəmin hazırlanır" — deyə polisdən Sputnik Azərbaycan-a bildiriblər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda nikah yaşına çatmamış baş tutan evliliklər cinayət məsuliyyəti yaradır. Əgər Quliyevanın valideynlərinin günahı sübuta yetirilsə, onlar cəzalandırılacaqlar.