SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İsrail Azərbaycanın atdığı addımların məqsədini gözəl anlayır"

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub
İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Bu ideyanı Trampa xarici siyasət məsələlərində naşı olan yaxın ətrafı təlqin edib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. "ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds ilə bağlı iki mövqe ifadə edib. Birincisi, ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı hesab edir. İkincisi, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək niyyətindədir".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, 1995-ci il noyabrın 8-də ABŞ Konqresinin hər iki palatası Qüdsün İsrailin paytaxtı elan edilməsi ilə bağlı qərar qəbul edib.

"Lakin ötən 22 ildə ABŞ-ın heç bir prezidenti bu addımı atmayıb, yəni həmin sənəd reallaşmayıb. Bunun reallaşmamasının səbəbi odur ki, həmin qanuna, yəni 1995-ci il noyabrın 8-də qəbul edilmiş "Qüdsdə səfirlik haqqında Akt"a bir əlavə edilib. Həmin əlavəyə görə isə ABŞ prezidenti hər il 6 ay müddətinə həmin bu qanunun fəaliyyətini dayandıra bilər. 22 ildir ki, ABŞ prezidentləri hər dəfə bunu 6 ay müddətinə uzadırlar və beləcə bu qanun reallaşa bilmir. Lakin belə bir addımı yalnız indiki ABŞ prezidenti Donald Tramp atıb" — deputat bildirib.

Millət vəkilinin fikrincə, artıq bu məsələlərə İslam dünyasının çox kəskin reaksiyası var: "Xüsusilə dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. Zirvə toplantısında ABŞ-ın qərarı çox kəskin tənqid edilib. Hətta Türkiyə İsrail ilə bütün diplomatik münasibətlərin kəsilməsi ilə bağlı məsələni də gündəmə gətirib".

"Eyni zamanda, Ərəb Dövlətləri Liqasının, BMT Təhlükəsizlik Şurasının bununla bağlı toplantısı keçirilib. Bütövlükdə bu istiqamətdə çox ciddi addımlar atılmaqdadır" — müsahibimiz vurğulayıb.

E.Nəsirov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısına qatılıb və orada çıxış edib: "Azərbaycan prezidenti ABŞ prezidentinin bu qərarından bütün müsəlman dünyasının, eyni zamanda Azərbaycanın çox narahat olduğunu bildirib və inanmaq istəyib ki, ABŞ bu qərarına yenidən baxacaq. Azərbaycan prezidenti vurğulayıb ki, yaranmış bu böhran yalnız beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Eyni zamanda dövlət başçımız o mövqeyi də ifadə edib ki, Azərbaycan dövləti Fələstinə dəstək ilə bağlı Azərbaycanda bir neçə tədbirə ev sahibliyi edib. Bundan başqa, Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. Yəni Azərbaycan bu münaqişənin ədalətli həllində israrlıdır. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini istəyir və bu, Azərbaycanın dəyişməz mövqeyidir. Beynəlxalq hüquqa görə də heç bir halda Şərqi Qüds İsrailin ərazisi hesab edilmir. Yəni, bu, birmənalı mövqedir".

Выступление президента США Дональда Трампа - Sputnik Azərbaycan
TƏHLİL
Ağ Ev rəhbəri dünyaya yeni müharibə vəd edir

Onun fikrincə, Azərbaycanın bu addımı həm də İslam həmrəyliyi sahəsində gördüyümüz, atdığımız addımlardan irəli gəlir: "Dövlət başçımız 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib. Eyni zamanda 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilib. İslam, müsəlman həmrəyliyinin təminatı istiqamətində də Azərbaycan ardıcıl siyasət həyata keçirir və bu prosesə çox ciddi töhfələr verib. Bu münaqişədə Fələstinin mövqeyinin müdafiə edilməsi də həm beynəlxalq hüquqa söykənir, həm də müsəlman həmrəyliyi məntiqindən qaynaqlanır. Bu məsələdə Azərbaycanın dəyişməz mövqeyi var".

Beynəlxalq hüquqa gəlincə, millət vəkili qeyd edib ki, 1967-ci ildə 6 günlük müharibənin gedişatında İsrail Şərqi Qüdsü də işğal edib və 1967-ci ildə Şərqi və Qərbi Qüds İsrail tərəfindən ələ keçirilib: "Bununla bağlı indiyədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün sənədlərdə heç bir halda bütün Qüds İsrail ərazisi hesab edilmir. Yəni burada Şərqi Qüds məsələsi var və bu da beynəlxalq hüquqa görə heç bir halda İsrailə məxsus deyil".

Yaranmış vəziyyətin Azərbaycan-İsrail münasibətlərinə təsirinə gəlincə, millət vəkili deyib: "İsrail dövləti çox gözəl bilir ki, Azərbaycanın İsraillə də çox sıx əməkdaşlıq münasibətləri var. Onlar başa düşürlər ki, Azərbaycanın atdığı addımlar müstəqildir, ölkəmizin milli maraqlarına söykənir. Bu addımlar heç bir halda hansısa böyük bir dövlətin, beynəlxalq təşkilatın və yaxud da siyasi dairələrin təzyiqi altında atılmır və müstəqil olaraq bu siyasət həyata keçirilir. İndiki halda da Azərbaycanın atdığı bu addımlar, dövlət başçımızın bu mövqeyi qətiyyən İsrail dövlətinin əleyhinə yönəlməyib".

"Bu məsələdə Azərbaycanın mövqeyi yalnız və yalnız beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı indiyədək qəbul etdiyi qərarların ruhuna əsaslanır, həmin məntiqə söykənir. Bu, İsrail dövlətinin, xalqının əleyhinə yönəlmiş bir siyasət deyil. Azərbaycanın İsrail ilə müxtəlif sahələrdə çox sıx əməkdaşlıq münasibətləri var və ölkəmiz bu əlaqələrin inkişafında daha da maraqlıdır. Ölkəmizdə İsrailin səfirliyi fəaliyyət göstərir" — Nəsirov diqqətə çatdırıb.

Millət vəkili hesab edir ki, ABŞ-ın bu qərarı İsrailin də maraqlarına ziddir: "İndiki vəziyyətdə bu addım nəticə etibarı ilə hətta İsraillə münasibətləri normal vəziyyətdə olan Səudiyyə Ərəbistanının, İordaniyanın və digər ölkələrin də mövqeyinə təsirsiz ötüşməyib. Yəni onlar da indiki vəziyyətdə İsraili deyil, məhz Fələstinin mövqeyini birmənalı şəkildə müdafiə etmək məcburiyyətində qalıb. Hesab edirəm ki, ABŞ-ın bu addımı həm özlərinin, həm də İsrailin maraqlarına ziddir".

"İƏT-in bu addımı ABŞ-ı mövqeyindən daşındıra bilərmi?" sualını millət vəkili belə cavablandırıb: "Biz artıq bir dəfə onun şahidi olmuşuq. Belə ki, ABŞ prezidenti müsəlman ölkələrindən gələn miqrantlar ilə bağlı yenə də vəziyyətə adekvat olmayan bir qərar qəbul edib. Amma son nəticədə öz qərarından imtina etmək məcburiyyətində qalıb. İndiki halda bunu etmək xeyli çətindir, mürəkkəbdir. Ən azı, o səbəbdən ki, ortada Konqresin 1995-ci ildə qəbul etdiyi qərarı var. ABŞ prezidenti də artıq bu addımı atıb. İndiki halda geri çəkilmək imkanları olduqca məhduddur. Amma siyasətdə mümkün olmayan şey də yoxdur".

Millət vəkili onu da qeyd edib ki, indiki halda bunun baş verməsi ABŞ və İsrail üçün deyil, daha çox ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu üçün lazımdır: "Çünki Netanyahunu da müxtəlif korrupsiya əməllərində ittiham edirlər. Eyni zamanda, Trampa qarşı çox ciddi impiçment məsələləri gündəmdədir. Bu problemin yaradılması ilə həmin məsələlər ikinci plana keçmiş olur. Bu, ABŞ və İsraildən çox Tramp və Netanyahu üçün lazım ola bilər. Hesab edirəm ki, bu ideyanı da Trampa xarici siyasət məsələlərində naşı olan yaxın ətrafı təlqin edib".

Xəbər lenti
0