BAKI, 20 dekabr — Sputnik. Türkiyənin İzmir vilayətinin Buca rayonunda yerləşən "Süleyman Alkan" adına orta məktəbi digərlərindən fərqləndirən çox maraqlı özəlliyi var. Bu məktəbdə nə az, nə çox, düz 33 əkiz, bir üçəm şagird təhsil alır. Sputnik Azərbaycan bu haqda "Timeturk"-ə istinadən xəbər verir.
Vilayətin maarif müdiri Ömər Yahşi mediaya açıqlamasında məktəbin "Ginnesin Rekordlar Kitabı"-na girə bilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini söyləyib.
"Allah bu balaları ailələrinə bağışlasın. Mən özüm də hər zaman əkiz uşaq atası olmağı arzulamışam. Amma 33 əkiz və bir üçəm şagirdin təhsil aldığı məktəbin idarəçisi olmaq da gözəl duyğudur. Onlara hər zaman dəstək olacam. Məktəbin "Ginnesin Rekordlar Kitabı"-na düşməsi üçün əlimdən gələni əsirgəməyəcəm" – deyə müdir qeyd edib.
Qeyd edək ki, dünyada bu qədər əkizin bir arada oxuduğu ikinci belə məktəb haqda hələlik məlumat yoxdur.