BAKI, 20 dekabr — Sputnik. 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranıb. Millət vəkili dekabrın 7-də onkoloji xəstəliklə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub.
Sputnik Azərbaycan unikal.org-a istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl yenidən səhhətində problem yaranan Yevda Abramov dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Deputat orada növbəti dəfə əməliyyat olunub və müalicə alacaq.
Millət vəkilinin həmkarı Vahid Əhmədov Yevda Abramovun səhhəti ilə bağlı açıqlamasında bildirib ki, hazırda onun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.