BAKI, 20 dekabr — Sputnik. Üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.
Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur.