BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər.
Sputnik Azərbaycan Trend-ə istinadən məlumat verir ki, bunu BMT Əhali Fondunun Azərbaycana dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: “Çində cins nisbətinin pozulması prosesi Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin pozulmasının “pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər 100 oğlana 120 qız düşürdü. Lakin indi artıq oğlanların sayı azalmağa başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki, xarici qızlarla ailə həyatı qursunlar”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb.
O qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub: “Lakin Çinlə müqayisədə Azərbaycanda problemin “pik dövrü” çox qısa olub. İndi Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı salasınız”.
M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100 qıza təxminən 114 oğlan uşağı düşür: “Əgər müvafiq tədbirlər görülməsə, mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta bilər”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin rastlaşacağı problem Çindəki kimi olmaya bilər: “Çin çox böyük dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz milliyyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.
Qeyd edək ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq, 105-107 təşkil edir, yəni heç bir xarici müdaxilə olmadığı tədqdirdə doğulan hər 100 nəfər qız uşağına 105-107 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.
BMT Əhali Fondunun müvafiq proqnozlarına görə, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq, 116 və ya daha artıq olarsa, 2050-ci ilə qədər hər il 12000-15000 daha çox oğlan uşağı doğulacaq.