BAKI, 18 dekabr — Sputnik. "Fələstində sənaye bölgələri təsis edəcəyik". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü mətbuata açıqlamasında deyib.
Nazir ölkəsinin Fələstinə hər cür dəstəyə hazır olduğunu söyləyib: "Fələstin rəhbəri Mahmud Abbas Türkiyədə olanda onu mən müşayiət edirdim. Danışıqlarımız oldu və qərara gəldik ki, Fələstinin Cenin bölgəsində sənaye bölgəsi quraq".
ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasını da şərh edən Faruk Özlü Donald Trampın daxili siyasətdə üzləşdiyi çətinlikdən yaxa qurtarmaq üçün bu cür addım atdığını bildirib.
"Tramp prezidentlik postuna əmlak sektorundan gəldiyi üçün hər şeyə "mən aldım, mən satdım" prinsipi ilə yanaşır. O, unudur ki, Qüds tək Fələstin üçün yox, 1,4 milyard müsəlman aləmi üçün müqəddəs şəhərdir. Üstəlik, sadəcə müsəlmanların yox, xristianlar və yəhudilərin də müqəddəs şəhəridir. Tramp öz ölkəsində çətin günlər keçirir. Haqqında bir neçə istintaq işi var. Bütün bunlardan yaxasını qurtarmaq üçün belə bir macəraya girişdi" – nazir vurğulayıb.