CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövcud məcəlləyə 388-1-ci maddə niyə əlavə edildi?

CC0 / Martinelle / internetPersonal data online
Personal data online - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyə internet resurslarının bloklanması hüququ verilib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. "İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə edilən 388-1. maddə (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında" qanuna bu ilin martın 10-da edilən dəyişikliklərlə bağlıdır".

© Photo : REYTİNGMilli Məclisin deputatı Vüsal Hüseynov
Milli Məclisin deputatı Vüsal Hüseynov - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vüsal Hüseynov

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, internet saytlarında terrorçuluğun təbliği və maliyyələşdirilməsinə, zorakılığın və dini ekstremizmin təbliğinə dair, dövlət sirri təşkil edən məlumatlar, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar və s. informasiyaların yerləşdirilməsi qadağan edilib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hər hansı internet saytında belə məlumatların yerləşdirildiyi müəyyən edildikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet saytından götürülməlidir. Əks təqdirdə, nazirlik həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir" — deputat bildirib.

Millət vəkili deyib ki, əgər həmin məlumatlar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid və ya insanların həyat və sağlamlığı üçün real təhlükə yaradırsa, məhkəmə qərarı çıxarılanadək nazirlik həmin internet informasiya ehtiyatına müraciəti müvəqqəti məhdudlaşdırır: "Məhkəmə və ya əvvəl qeyd etdiyimiz müstəsna hallarda nazirlik müvafiq informasiya ehtiyatına müraciəti məhdudlaşdırdıqda, həmin informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edilir. İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər".

V.Hüseynovun sözlərinə görə, bu tələblərin pozulması hüquqi məsuliyyətə səbəb olur: "Aydındır ki, hüquqpozmalara görə sanksiyalar Cinayət Məcəlləsi və İXM-də nəzərdə tutulur. İXM-yə edilən dəyişikliyin zərurəti də bu mənada uyğunlaşdırma xarakterlidir. Təbii ki, əgər əməl cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olacaq. Məsələn, yerləşdirilməsi qadağan olunan məlumatlardan biri də uşaq pornoqrafiyasına aid məlumatlardır".

"Cinayət Məcəlləsinin 171-1. maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama cinayət əməlidir. Deməli, əgər əməldə cinayət tərkibi varsa, həmin əməl, İXM-yə əsasən deyil, Cinayət Məcəlləsinə əsasən cəzalandırılacaq. İnternet saytlarında dövlətin və cəmiyyətin mənafeyinə, əxlaq normalarına qəsd edən informasiyanın yerləşdirilməsinin məhdudlaşdırılması digər hüquq sistemlərində tətbiq edilən geniş yayılmış təcrübədir" — deyə millət vəkili qeyd edib.

© Sputnik / Anar MustafayevЧлен правления Совета прессы АР Азер Хасрет
Член правления Совета прессы АР Азер Хасрет - Sputnik Azərbaycan
Член правления Совета прессы АР Азер Хасрет

Media məsələləri üzrə ekspert Azər Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliklərə ehtiyacın olduğunu deyib: "Çünki həmkarlarımız iddia edirlər ki, yayılması qadağan olan informasiyaları yayanlar deyil, onların mediaya ötürülməsini təşkil edənlər cəzalandırılmalıdır. Yəni, media bunu yayıbsa, cəzalandırılmamalıdır. Amma birmənalı şəkildə, media yayılması qadağan edilən informasiyanı yaymamağa borcludur. Bu, qanunlarda göstərilib".

Mütəxəssis dünyada da belə qəbul edildiyini diqqətə çatdırıb: "Dövlət sirri, kommersiya sirri sayılan, şəxsi həyat ilə bağlı informasiyalar var ki, onların yayılması yasaqlanır. Düşünürəm ki, burada konkret məsələ qoyulub və bu, jurnalistlərin sözügedən məsələdə tərəddüdlərinə son qoyacaq. Yəni, ən azından düşünəcəklər ki, yayılması qadağan edilən informasiyanı yayarsaq, bizi konkret olaraq cəza gözləyir. Burada konkretlik ayrıca vurğulanmalıdır".

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli  - Sputnik Azərbaycan
Hüquqşünas Ələsgər Məmmədli

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mart ayında "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında" Qanuna yeni fəsil əlavə edilib: "Həmin fəsildə nazirliyə internet resurslarının bloklanması hüququ verilib. Ayrıca, nazirliyin məhkəmə qərarı olmadan blok qoyma və blok qoyduqdan sonra da bununla bağlı istər provayderlər, istərsə də operatorların dərhal buna əməl etmə öhdəliyi gətirilib".

"İndi həmin qanunu pozmağa görə də İnzibati Xətalar Məcəlləsinə yeni məsuliyyət gətirilib. Yəni, həmin qanunda göstərilən tələbləri icra etməyənlər (buraya provayderlər və operatorlar da daxildir) inzibati qaydada cəzalandırılacaqlar" — Məmmədli bildirib.

Onun fikrincə, bu maddənin gətirilməsi və bu prosesin hüquqi məsuliyyət yaratması yanlış addımdır: "Çünki internet resurslarında qanuna zidd nəsə yerləşdirilibsə, onsuz da qanun bunu qadağan edir. Məsələn, dövlət sirri yayılıbsa, "Dövlət sirri haqqında" Qanunda bu, qadağandır və cinayət məsuliyyəti yaradır. Əgər şəxsi həyata müdaxilədirsə, Konstitusiyanın xüsusi maddəsi, "KİV haqqında" Qanunun 13-cü maddəsi bunu qadağan edir".

"Eyni zamanda, Cinayət Məcəlləsinin 156 maddəsinə görə, bu, cinayət məsuliyyəti yaradır. Yəni, qadağan olunmuş məlumatlar onsuz da qanunla qadağan olunub. Belə olan halda, yenidən heç bir əsas, pozuntunun mahiyyətini göstərmədən ümumi şəkildə ifadə etməliyik ki, qadağan olunmuş məlumatı yaymaq məsuliyyət yaradır. Bu, artıq hüquqda normanın aydın olması prinsipinə ziddir. Ona görə də bunun təsir dairəsi Azərbaycan qanunvericiliyi və ölkəmizin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası baxımdan legitim deyil".

Qeyd edək ki, İXM-ə dəyişikliklər dekabrın 1-də parlamentdə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0