BAKI, 19 dekabr — Sputnik. Bu gün Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən "Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda elmi konfrans keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, elmi konfransı Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutu keçirib. Konfransı Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli açıq elan edib. Akademik, Azərbaycan tarixində Xalq Cümhuriyyətinin yerindən danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini hər bir alim bilməli və dəyərləndirməlidir.
Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb: "Biz bütün Şərq üçün nümunə göstərdik. Hətta Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni 1923-cü ildə yaradılıb".
Direktor bildirib ki, Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı çap etdirib: "Onu da bildirməliyəm ki, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ən əhatəli əsərdir".
Konfrans zamanı çıxış edən tarixçi-alimlər qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir.