BAKI, 18 dekabr — Sputnik. "Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib". Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, hər hansı bir məktəb bunu keçirmək istəyərsə, yalnız dərsdən sonra keçirə bilər.
Onun sözlərinə görə, məktəblərdə daha çox milli-mənəvi dəyərlərə köklənən bayram şənliklərinin keçirilməsi ilə bağlı xüsusi təbliğat aparılır.
"Yeni il şənliyinin keçirilməsi yanvar ayının 1-nə təsadüf edir. Məktəblərdə 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirlərin daha geniş miqyasda keçirilməsi daha məqsədəmüvafiqdir"- deyə o bildirib.