BAKI, 18 dekabr — Sputnik. Suriyada yaşanan qanlı toqquşmalardan 6 il keçir. Bu dövr ərzində 1 milyondan çox insan həlak olub, milyonlarla suriyalı isə başqa ölkələrə sığınıb.
Vətəndaş müharibəsi başlayandan bu günədək yaşananların əksini tapdığı minlərlə görüntülər yayılıb. Bəzən onların arasında elələrinə rast gəlinir ki, sözlə izahı mümkün olmur. Suriyanın Şərqi-Quta bölgəsində baş verən hadisə kimi…
Söhbət Suriya qoşunlarının mühasirədə saxladığı bölgədə qalan 2 aylıq Kərimin başına gələnlərdən gedir. Ötən ay Bəşər Əsədə bağlı ordunun qəsəbəni bombalaması nəticəsində Kərim anasını itirdi. Özü isə bir gözündən oldu. Üstəlik beynində qırıqlar əmələ gəldi.
Sputnik Azərbaycan AA-ya istinadən xəbər verir ki, uşağın atası Əbu Məhəmməd necə bir zülmlə üz-üzə qaldıqlarını anladır: "Yoldaşım şəhid olanda Kərim 1 aylıq idi. İndi ikinci ayına keçib. Ondan başqa 4 övladım da var. Onlar Kərimə analıq edirlər, çünki körpə qardaşlarının daim qulluğa ehtiyacı var".
Kərimin böyük qardaşı Əhmədin dedikləri isə bölgədəki dramın hansı səviyyədə olduğunu bütün çılpaqlığı ilə göstərir. Əhməd yemək tapa bilmədiklərini, gün ərzində ancaq arpa ilə qidalandıqlarını deyib.