BAKI, 15 dekabr — Sputnik. Türkiyənin Diyarbəkr şəhərində insanlığa sığışmayan hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir həftə öncə dünyaya gələn körpə uşağın səhhətində problemlər yaranıb. Vəziyyətinin ağır olmasına baxmayaraq, valideynləri körpəni xəstəxanada qoyaraq evlərinə gediblər.
Səhhətində yaranan problemlərə görə, cəmi 1 həftə yaşayan körpə ölüb. Xəstəxanadan valideynlərinə zəng edərək uşaqlarının öldüyünü, cəsədi aparmalarını istəyiblər. Amma valideynlərin cavabı həkimləri heyrətə gətirib. Onlar bildiriblər ki, qan düşmənləri olduqları üçün evdən çıxa və körpənin cəsədini götürə bilməzlər.
Əlacsız qalan xəstəxana işçiləri polisə müraciət edib və 1 həftəlik körpənin cəsədini xəstəxana morquna göndəriblər.