CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İngilis dilli televiziyanın yaradılması Azərbaycanın xeyrinə ola bilər"

CC0 / islandjoe / Watching TVДевушка смотрит телевизор
Девушка смотрит телевизор - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli: "Azərbaycanda ingilis dilində televiziya kanalının açılması bizim üçün bir az gecikmiş layihədir"

BAKI, 16 dekabr — Sputnik. "Qlobal informasiya məkanında Azərbaycan həqiqətlərini ümumdünya dili hesab olunan ingilis dilində təbliğ edən, çatdıran bir kanalın olması məqbul hesab oluna, müsbət qarşılana bilər".

Bunu millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ingilis dili hazırda beynəlxalq aləmdə də əsas istifadə olunan dildir: "Bu, siyasi proseslərdə öz hegemonluğunu qoruyan və dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri arasında olan ünsiyyət dilidir. Bu dili özünə doğma hesab edənlərin auditoriyası üçün Azərbaycan həqiqətlərini çatdıran bir televiziya olarsa, bunu yalnız alqışlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, əgər ölkəmizdə televiziya yaradılacaqsa, məhz bu auditoriyanın tələblərinə cavab verən, yüksək keyfiyyətdə yayımlar, verilişlər tərtib edə bilən və qlobal informasiya məkanındakı ingilis dilli mühitdə rəqabət qabiliyyətli olan, maraqla izlənilə bilən bir televiziya yaratmaq lazımdır". 

© Sputnik / Murad OrujovHikmət Babaoğlu
Hikmət Babaoğlu - Sputnik Azərbaycan
Hikmət Babaoğlu

Millət vəkilinin qənaətincə, bu şərtlərə biz hazırıqsa, Azərbaycanda ingilis dilində televiziyanın yaradılması yalnız bizim xeyrimizə ola bilər: "Yox, əgər çoxlu qrammatik səhvlərlə müşahidə olunan, qlobal informasiya axınının arxasınca sürünən, müasir, intellektual, analitik, vizual tələblərə cavab verə bilməyən bir televiziya yaradacağıqsa, bunu heç yaratmağa dəyməz".

Media eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda ingilis dilində televiziya kanalının açılması bizim üçün bir az gecikmiş layihədir, amma bunu etmək mümkündür: "Təxminən 7-8 il bundan əvvəl "ATV İnternational" telekanalı nəzərdə tutulmuşdu ki, Azərbaycan həqiqətlərini, mədəniyyətini dünyaya yaysın. "ATV İnternational" telekanalı bir müddət işlədi. İndi sanki "CBC" telekanalı o funksiyanı yerinə yetirir. Amma Azərbaycan haqqında 24 saat işləyən bir proqrama ehtiyac var. Ümumiyyətlə, istənilən ölkə özünün piarında ingilis dilli, xarici dilli kanalın olmasını vacib hesab edir. Azərbaycanda da belə bir kanal ehtiyac var. Amma bunu necə, hansı bazada etmək olar ki, dünya standartlarına uyğun olsun".

Onun sözlərinə görə, əgər biz televiziya kanalı yaradacağıqsa və o AzTV-dəki ingilis dili proqramı və ya İTV-dəki bəsit proqramlar səviyyəsində olacaqsa, bunu yaratmağın mənası yoxdur: "Bu telekanalın yaradılması çox böyük maliyyə tələb edir. İlkin dövrdə xüsusi televiziya, fərqli menecer yanaşması, fərqli prodüser işi tələb edir. Ona görə də bunları kompleks şəkildə ortaya gətirmək olar. Amma bunun üçün müəyyən texnologiyalardan istifadə etməklə çox cəhd etmək lazımdır. Bütövlükdə, hesab edirəm ki, Azərbaycanda belə bir kanala ehtiyac var". 

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Q.Məhərrəmlinin fikrincə, İctimai Televiziya cəmiyyəti əhatə, plüralizmi təmin edə, cəmiyyətin rənglərini göstərə, diskussiya proqramları yarada bilmədi: "Ona görə də İTV missiyasını yerinə yetirə bilmədi. Amma AzTV-ni dirçəltmək mümkündür. Çünki dövlət kanalı kimi bunun müəyyən üstünlükləri ola bilər. Bu, yaxşı təşkil olunarsa, o üstünlüklərdən istifadə edə bilər. Yəni, cəmiyyətin bu televiziya kanallarına marağı azdır. Ona görə də bunları saxlamaq haqqında düşünmək lazımdır. Amma ingilis dilində telekanala ehtiyac var".

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev də Azərbaycanda ingilis dilində televiziya kanalının yaradılmasını təklif edib. APA-nın məlumatına görə, millət vəkili bildirib ki, Ukraynada, Qazaxıstanda və digər postsovet ölkələrində artıq sırf ingilis dilli kanal var. O, gələn ilin dövlət büdcə layihəsində Azərbaycan Dövlət Televiziyasına 32, İctimai Televiziyaya isə 12 milyon manat ayrılmasına da etiraz edib: "Havayı yerə bu kanallara büdcədən bu qədər pulun ayrılması nəyə lazımdır? Bunlara ayrılan vəsaitləri sırf ingilis dilli kanalın yaradılmasına yönəltmək lazımdır. Biz gələn il milyonlarla pul sərf edərək turistlərin cəlb edilməsini nəzərdə tutmuşuq. Bunun üçün informasiya təbliğatımız yetərlidirmi? Xeyr. Ona görə də belə bir kanalın açılması zəruridir".

Xəbər lenti
0