BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Sərəncam ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,0 (yeddi) milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon (üç milyon yeddi yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon (üç milyon üç yüz min) manat ayrılsın.