BAKI, 15 dekabr — Sputnik. Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Çinar Trans" MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Beləliklə, yaxın vaxtlarda 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək.
Qeyd edək ki, 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.