BAKI, 15 dekabr — Sputnik. "Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir: "Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidi. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir, gələn ilin martında növbədənkənar seçkilər keçiriləcək. Bunlar hamısı təxribatdır. Konstitusiyanı oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəsin prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur".
S.Novruzovun sözlərinə görə, Amerikada yaşayan Sevinc Osmanqızı ABŞ-da şayiə yayıb ki, guya Azərbaycanda mart ayında növbədənkənar prezident seçkiləri keçiriləcək: "Bu, sırf təxribatdır. O, təxribatla məşğul olur".