İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 15 dekabr — Sputnik. Sima Məmmədovanın 63 yaşı var. O, İsmayıllı rayonunun Yeniyol kənd sakinidir. Ömrünün böyük hissəsini balaları ilə birgə rayonunun, doğma kəndinin təbiətinin qorunmasına həsr edib.
Bu gün də təbiətimizin qorunması üçün əzmlə çalışır, təbiətin keşiyində durur. Tanıyanlar kişi qeyrətli bu qadının kişilərin belə, çətinliklə öhdəsindən gəldiyi bir peşənin sahibi olduğunu yaxşı bilirlər. İlk dəfə görənlər və haqqında eşidənlər isə heyrətlərini gizlədə bilmirlər.
Sima Məmmədova İsmayıllının Yeniyol, Qərsələ, Aşağı Qaraqaya, Yuxarı Qaraqaya, Sədiyan, Yuxarı Diyallı kəndlərinin meşələrində meşəbəyilik edir. Bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Sima nənə deyir ki, maraqlı, fərqli, çətin olduğu qədər də riskli peşənin sahibidir. Artıq o, özünü dağlarsız ucu-bucağı görünməyən meşələrsiz təsəvvür edə bilmir. Əsrarəngiz və həyat dolu meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşsa da, əsla qorxmadığını deyir.
Artıq 12 ildir meşələri mühafizə edən Sima Məmmədova müxtəlif maraqlı hadisələrlə də qarşılaşıb. Ona bu işdə ailəsi də böyük dəstək verir. Kənd sakinləri də Sima Məmmədovanın qadın olmasına baxmayaraq, meşəbəyi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini bildirirlər.
Gününü, zamanını dağlar qoynunda keçirən Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək arzusundadır. Ağacların qırılmasından gileylənən meşəbəyi insanların ekologiyaya nə dərəcədə ziyan vurduqlarından xəbərsiz olduqlarını deyir, var gücü ilə meşələri qoruyacağını söyləyir.
Müsahibimiz bildirir ki, onu ilk at belində görənlər heyrətlənir, çox maraqla baxırlar: "Ümumilikdə 893 hektar əraziyə nəzarət edirəm. İlk vaxtlar çox çətinliklər yaşamışam. Kənd sakinləri və tanımadığım insanlarla müəyyən problemlər olub".
Dediyinə görə, bunun da ən başlıca səbəbi insanların meşələrə ziyan vurması və ağacların səbəbsiz yerə, qeyri-qanuni şəkildə qırılması olub. Zaman-zaman məcburən gecələr belə meşələrə baş çəkdiyini və ərazini gəzdiyini deyir.
Sima nənə Allahın bəxş etdiyi ömrün sonuna kimi layiqincə bu vəzifəsini yerinə yetirəcəyini də əminliklə vurğulayır.