BAKI, 15 dekabr — Sputnik. Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının əl yükündə civə və metalaxtaran detektor aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, vətəndaşın əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb. Yoxlama zamanı çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.
Xatırladaq ki, metallik civə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.