BAKI, 14 dekabr — Sputnik. "Azərişıq" ASC borclu abonentlərə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.