BAKI, 14 dekabr — Sputnik. Səmada baş verəcək növbəti "meteorit axını"nı adi gözlə də müşahidə etmək mümkün olacaq. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Ətayi Ədalət deyib.
Onun sözlərinə görə, bu il dekabrın 4-dən bu yana meteorit hadisəsi baş verir. Bu hadisələrin dekabrın 17-dək baş verəcəyini deyən Ə.Ədalət qeyd edib ki, dekabrın 13-də bu hadisə yaşanıb və 14-də proses daha da sürətlənəcək.
"Bundan sonra səmada müşahidə edilən meteorit hadisələrinin sayı azalacaq və sonra tamamilə dayanacaq. Dekabrın 14-dən 15-ə keçən gecə saat 2-dən səhər saat 6-dək havada meteorit hadisəsini adi gözlə izləmək mümkün olacaq" — mütəxəssis bildirib.
Onun sözlərinə görə, "Əkizlər" bürcündən çıxan meteor hissəcikləri havada yüksək sürətlə hərəkət etdikdə qızacaq: "Onlar əvvəlcə qırmızı, sonra bönəvşəyi rəngdə görünəcək, daha sonra isə kül hissəciyi kimi havaya səpələnəcəklər. Onların ölçüsü kiçik olduğundan atmosferdə yanaraq yoxa çıxacaqlar".