BAKI, 14 dekabr — Sputnik. Bu gün paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan yeniavaz.com-a istinadən xəbər verir ki, avtobus "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər yanlarındakı itləri də salona keçiriblər.
Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdən qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitələr olmayıb. Həmin mənzərə telefon vasitəsilə çəkilib və görüntüdə maraqlı anlar qeydə alınıb: Sərnişinlərin ayaq üstə durması, itlərin isə oturacaqlarda oturması insanların da təəccübünə səbəb olub.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nömrəli qərarına əsasən, ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.