BAKI, 14 dekabr — Sputnik. Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə görülən işlərə həsr edilmiş hesabat müşavirəsində qeyd edilib. Bildirilib ki, bu il xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub: "Onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib".
"Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb" — DSX-nin hesabatında qeyd olunub.
Hesabata görə, 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.