Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 14 dekabr — Sputnik. Astara polisi dekabrın 12-də ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə aşkar edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan əldə etdiyi məlumata əsasən, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Astara şəhər sakini Əlizadə Orxanın üzərindən bir bükümdə çəkisi 41.2 qram olan tiryək aşkar edilərək götürülüb.
O.Əlizadənin Astara şəhəri S.Vurğun küçəsində yerləşən yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 bükümdə, ümumi çəkisi 3 kiloqram 370 qram narkotik vasitə olan tiryək aşkar edilib. Şübhəli şəxs qismində saxlanılan Orxan Əlizadə narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsdən qaçaqmalçılıq yolu ilə əldə etdiyini bildirib. Faktla bağlı 13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.